AZ

RU

EN





 
Deməyə sözüm var... 2015
Bir körpənin göz yaşlarına dəyməyən əfv sərəncamı...

Bir körpənin göz yaşlarına dəyməyən əfv sərəncamı...

2015 Dekabr 31 ( Cümə axşamı )  13:02:47

... 9 aydan sonra növbəti əfv sərəncamı imzalandı. Yerli və beynəlxalq ictimaiyyətin gözləntilərinə rəğmən növbəti dəfə də ümidlər doğrulmadı. Şərlənərək həbsə atılmış 100- dən artıq siyasi məhbusdan heç kim azadlığa buraxılmadı. Manatın bir ildə iki dəfə acınacaqlı şəkildə dəyərdən düşdüyü, ölkədə sosial- iqtisadi problemlərin tüğyan etdiyi, bahalaşmanın, ümidsizliyin, talançılığın hökm sürdüyü, beynəlxalq sanksiyaların qapının ağzını kəsdiyi, daxili motivasiyaya, barışa, vətəndaş sülhünə hava, su kimi ehtiyac olduğu bir ərəfədə tarixi bir şans əldən verildi.

Bəri başdan qeyd edim ki, ölkə həbsxanalarında haqq etmədiyi cəzanı çəkən siyasi məhbusların əfv sərəncamı ilə azadlığa buraxılması ideyasını və fəlsəfəsini mən qəbul etmirəm. Ona görə yox ki, bu addım onlara mənəvi işgəncədir, sayğısızlıqdır. Həm də ona görə ki, siyasi məhbusu əfv etmək onu kiçiltmək, əməlinə cinayətkar damğası vurmaqla yanaşı azadlıq və demokratiya ugrunda mübarizə aparan insanların mübarizəsini aşağılamağa, gözdən salmağa və ləkələməyə xidmət edir. Amma nə yazıq ki, kiçik istisnalar olmaq şərti ilə Azərbaycan hakimiyyəti onların azadlığa çıxması üçün başqa qapı qoymayıb. Bu baxımdan da siyasi məhbusların azadlığına gedən yol əlamətdar günlərdə imzalanan əfv sərəncamlarından keçir. Nə qədər əcaib və yersiz olsa da...

Sonuncu əfv sərəncamı ilə bağlı iki ciddi məqamı qeyd etmək istərdim;

  1. Hakimiyyətin siyasi məhbusları azadlığa buraxmaması və bunun ABŞ- da gündəmə gələn sanksiyalarla əlaqələndirib inadkar mövqe nümayiş etdirməsi
  2. Son əfv sərəncamının humanizm prinsiplərinə və Əfvetmə haqqında Əsasnaməyə zidd olması

 

Öncə onu qeyd edim ki, 28 dekabr əfv sərəncamı son illərin  yumşaq desək ən məyusluq yaradan, çox yarıtmaz və mürtəce bir əfv sərəncamı oldu. Təkcə ona görə yox ki, bu sərəncamla azadlığa çıxacağı gözlənilən, ictimai maraq kəsb edən heç kim öz doğal haqqını əldə edə bilmədi. Həm də ona görə ki, bu dəfə “azadlıq siyahısı”- nda yer alanların əksəriyyəti ağır cinayət törətməkdə ittiham olunub və onların azadlığa çıxması bəzi suallar yaratmaqla ziddiyyətli məqamları da ortaya çıxardı. Bu barədə bir az sonra... Gəlin əvvəlcə bir suala cavab axtaraq;

 

Siyasi məhbuslar niyə azadlığa buraxılmadı?

 

Ötən il AŞPA- nın baş katibi Yaqlandın təşəbbüsü ilə yaradılan, son illərin ən səs- küylü qurumlarından olan, amma indiyə qədər heç bir iş görə bilməyən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri çox əminliklə bildirirdi ki, onlar dövlət başçısına 22 nəfər siyasi məhbus siyahısını təqdim ediblər və həmin şəxslərin azadlığa buraxılacağına çox..., çox ümid edirlər. Hətta qabağa gedib ad da çəkirdilər. Əfv Komissiyasının başqa bir üzvü isə bildirirdi ki, dövlət başçısı onların təqdim etdiyi siyahıdan heç kimin adını çıxartmır, əksinə ora yenilərini əlavə edir. Bütün bunlar pozitiv məqamlar idi və çox gözəl də qarşılanırdı. Bəs sonda nə baş verdi? Əfv sərəncamına siyasi məhbusların adının düşməməsi bir mənalı şəkildə Qərbin Azərbaycana təzyiqləri və xüsusən ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smitin rəhbərliyi ilə hazırlanan, ölkəmizə qarşı çox ciddi sanksiyaları özündə ehtifa edən layihəyə görə baş verdiyi iddia olunur. Əslində bu iddiada böyük həqiqət var. Amma hələ layihə halında olan, qəbul edilməsi sual altında olan bir layihəyə görə haqsız yerə həbsxanada cəza çəkən ölkə vətəndaşını cəzalandırmaq, onların azadlıq hüququnu əlindən almaq nə dərəcədə doğrudur? Bəziləri hakimiyyətin bu addımını prinsipiallıq, az qala dövlət müstəqilliyinin qarantı kimi dəyərləndirməyə çalışır. Sual olunur; dövlətin müstəqillik prinsip və dəyərləri hansısa ölkəyə inad edib öz vətəndaşına cəza verməkləmi ölçülür? Həmin prinsipiallıq niyə 23 ildir torpaqlarımızı işğal edən Ermənistana qarşı tətbiq olunmur? Niyə həmin prinsipiallıq və inadkarlıq işğalçı Ermənistanın arxasında dayanıb onu silahlandıran, yaxın tariximizdə qanlı 20 yanvar hadisələrinin, Xocalı soyqrımının əsas təşkilatçılarından olan, hər an müstəqilliyimizi təhdid edən Rusiyaya qarşı sərgilənmir? Niyə həmin sərtlik 30 milyondan artıq soyadşımızın ən adi hüquqlarını pozan, Ermənistana hər cür dəstək verib onunla əməkdaşlıq edən rəsmi Tehran rejiminə qarşı nümayiş etdirilmir? Qərb, ABŞ bizdən nə istəyir ki? İstəyir ki, Azərbaycan höküməti ölkədə demokratik seçki keçirsin, monopoliyanın, korrupsiayanın qarşısını alsın, insanları ictimai siyasi fəaliyyətinə görə həbs etməsin, həbsdə olan siyasi məhbusları azadlığa buraxılsın və s. Burda pis və ya qəbahət nəsə varmı? Mən bu fikirləri ABŞ- ı müdafiə etmək üçün demirəm, heç onların bizim müdafiəmizə də ehtiyacları yoxdur. Amma hansısa bir dövlətin sənə sərf etməyən istəyinə, eləcə də həmin ölkədə atılan addıma görə öz vətəndaşına zülm etmək, ona haqq etmədiyi cəzanı verib məşəqqətlər yaşatmaq heç bir qanuna, dəyərə və prinsipə sığmır.

Azərbaycan hakimiyyətinin ölkəmizin üzləşdiyi bu qədər problemlər içində tarixi şansdan istifadə edib siyasi məhbusları azadlığa buraxmaması sadəcə boş, mənasız inadkarlıq, dünyadan təcrid olunmaq, necə deyərlər oturduğu budağa balta çalmaqdır. Bunun bədəlini isə təkcə hakimiyyət yox, dövlət, millət olaraq hər birimiz ödəməli olacayıq.

 

Əfv edilənlərin çoxu ağır cinayət törədib

28 dekabr əfv sərəncamı təkcə hakimiyyətin mənasız inadkarlıq nümayiş etdirməsi ilə özünü göstərmədi, həm də sənəd əfvetmə siyasətinin mahiyyətinə və Əfvetmə haqqında Əsasnamənin bəzi bəndlərinə zidd olmaqla bəzi suallara, şübhələr yol açdı.

Bəri başdan bildirək ki, biz heç bir məhbusun həbsdə olmasının tərəfdarı deyilik, ən ağır cinayətkarın da hüquqları var və onların azad olmaq istəyini normal qəbul edirik. Amma bütün addımlar Əfvetmə haqqında Əsasnamədə deyildiyi kimi ədalətə və humanizm prinsiplərinə söykənməlidir.

Son əfv sərəncamı 210 nəfərə şamil olundu (http://www.president.az/articles/17360). Onlardan 198 nəfəri həbs yerindən azadlığa buraxıldı, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad oldu. Çox maraqlı və təəccüblüdür ki, azadlığa buraxılan 198 məhbusun 66%- i, yəni 131 nəfəri ağır və xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham olunaraq Bakıda və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan mərhum olunublar. Ağır cəza alıblar.  Maraqlıdır ki, azadlığa çıxan ağır cinayət törətmiş şəxslərdən 35 nəfəri 2013- cü ildə, 37 nəfəri 2014- cü ildə, 5 nəfəri isə hətta 2015- ci ildə məhkəmənin qərarı ilə məhkum olunublar. Hətta onların içində elələri var ki, 4- 5 ay bundan öncə ağır cinayət törətdiklərinə görə məhkum ediliblər.  

Azadlığa çıxan məhbusların çoxu cəzalarının heç yarısını, hətta bəziləri 1/3- ni, 1/4- ni çəkməyiblər.

Bu addım isə Əfvetmə haqqında ƏSASNAMƏ- nin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki sözü gedən Əsasnamədə kimlərin müraciət edə və əfv oluna biləcəyi ilə bağlı deyilir (http://www.e-qanun.az/alpidata/framework/data/4/f_4386.htm);

 

MADDƏ 8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;

MADDƏ 8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;

 

Gəlin azadlığa buraxılan ağır cinayət törətmiş şəxslərin bir neçəsinin cinayət əməllərinə diqqət edək; Məsələn, əfv sərəncamı ilə azadlığa çıxan A.A. (adını müəyyən səbəblərdən açıqlamırıq.- red.) Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2 il bundan öncə, 2013- cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin törətdiyi cinayətin müqabilində məhkəmənin ona yüngül cəza verdiyini əsas gətirən dövlət ittihamçısı məhkəmənin qərarından Apelliyasiya protesti verib.  Apelliyasiya məhkəməsi protesti qəbul edib və məhkumu CM- nin 126.2.4.- ci maddəsi ilə (qəsdən sağlamlığa ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə ağır zərər vurma) və 221.3- cü maddəsi ilə təqsirli bilərək onu 8 il müddətinə azadlıqdan mərhum edib. Maraqlıdır ki, ağır cinayət törətməkdə təqsirli bilinərək Apelliyasiya məhkəməsinin təyin etdiyi 8 il cəzanın 2 ilini çəkdikdən sonra A.A. azadlığa buraxılır. Halbu ki, Əfvetmə haqqında Əsasnamədə qeyd olunur ki, ağır və xüsusilə ağır cinayət törətməyə görə cəzaya məhkum edilmiş şəxsin azadlığa çıxması üçün cəzasının ən azı yarısını çəkməlidir.

Başqa bir misal; əfv sərəncamı ilə azadlığa çıxmış məhkum A.R. (ad şərtidir- red.) bir qrup şəxslə əlbir olaraq orta məktəbdə təhsil alan yetkinlik yaşına çatmayan məktəbli qızı dərsdən çıxarkən ona fiziki zorakalıq edərək oğurlayıblar. Həmin şəxslər CM- nin 144.3.- ci maddəsi ilə təqsirli bilinərək (adam oğurluğu; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda- on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2013-cü il tarixli hökmü  ilə 10, 11 və 7 il müddətinə azadlıqdan mərhum edilib.

Əfv sərəncamı ilə azadlığa çıxmış digər məhkum A.M. (ad şərtidir- red.) 2013- cü ildə 3 nəfərin ölümündə təqsirli bilinərək gunahı subuta yetirilib və ağır cəzaya məhkum edilib.

Əfv sərəncamı ilə azadlığa çıxmış M.M. adlı digər məhkum 2011- ci ilin dekabr ayında Sumqayıtda qonşusuna 6 bıçaq zərbəsi vuraraq onu öldürməyə cəhd edib və CM- nin 126.1- ci maddəsi ilə ittiham olunaraq ağır cinayət törətməkdə təqsirli bilinib.

Son əfv sərəncamı ilə azadlığa çıxan məhbus M.P. ağır cinayət törətməkdə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 10 avqust tarixli hökmü ilə (tarixə ciddi fikir verin- yəni 4 ay yarım öncə- red.) məhkum edilib.

Eləcə də, MTN tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həbs olunan və istintaqı da həmin qurumun İstintaq Baş İdarəsi tərəfindən aparılan məhkum B.A. (ad şərtidir- red.) və digərləri dövlətə külli miqdarda ziyan vurduqlarına görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 19 may 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını gizli talama) və digər ağır maddələrlə ittham olunaraq azadlıqdan məhrum edilib. Bir neçə gün öncə imzalanmış əfv sərəncamı ilə həmin məhbuslar da azadlığa buraxılıb. Amma maraqlıdır ki, MTN- nin bir neçə ay öncə ifşa olunmuş məsul şəxslərinin rəhbərliyi ilə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunub ağır cəzaya məruz qalan Səid Dadaşbəyli dəstəsinin üzvləri, Elnur Seyidov, NİDA- çı gənclər, jurnalist Pərviz Həşimli, Rauf Mirqədirov və digərləri isə azadlığa buraxılmır. Görəsən suçlu və suçsuz məhbuslar arasında bu qədər ədalətsiz fərq, ayrı- seçkilik nə üçündür?

 

Aşağıda göstərilən müqayisələr üçün üzrxahlıq edib soruşmaq istəyirəm;

  • Yeniyetmə məktəbli qız uşağını dərsdən oğurlayıb ona qarşı zorakalıq edənlər cəmiyyət üçün təhlükəlidir, yoxsa mübariz insan, böyük alim-həkim 10 ildir qanunsuz olaraq həbsdə saxlanılan Əli İnsanov?
  • Hərbi cinayət törədib döyüş bölgəsini özbaşına tərk edən, fərariliyə yol verənlər cəmiyyət üçün faydalıdır, yoxsa Qarabağ ugrunda vuruşub numunəvi vətəndaş, ailə başçısı, ictimai- siyasi fəal olan Tofiq Yaqublu, eləcə də sağlamlığını itirmiş Asif Yusifli? Hansını azadlığa buraxmaq daha ədalətli və insaflıdır?
  • Adam oğurlayan, qonşusunu öldürməyə cəhd edən, 3 adam öldürənin azadlıqda olması önəmlidir, yoxsa əzilən, haqqı tapdanan insanların həmişə haqq səsi olmuş, dəyərli və təmiz insan İntiqam Əliyevin?
  • Mütəşəkkil beynəlxalq cinayətkar şəbəkə qurub dələduzluq və saxtakarlıq edib dövlətə külli miqdarda ziyan vuranlar bu ölkə üçün önəmli insanlardır, yoxsa dunyanın tərəqqipərvər kəsimi tərəfindən sevilərək mükafatlandırılan araşdırmaçı- jurnalsit Xədicə İsmayıl?
  • Öz övladının başqalarına pul qarşılığında satanları azadlığa buraxmaq humansitlikdir, yoxsa 2 ildən çoxdur ki, yeni doğulan körpəsinin üzünü görməyən, gunahı olmadan cəza çəkən Rəşadət Axundovu, illərdir qızına həsrət qalan jurnalist Pərviz Həşimlini, yeni doğulan nəvəsinin hələ üzünü görməyən Mübariz Abdullayevi azadlığa buraxmaq? Hansı ədalətlidir?

 

Bu siyahını uzatmaq olar. Amma nəticə birdir. Son əfv sərəncamı humanistlik və ədalətlilik prinsiplərindən çox uzaqdır. Əlbəttə biz heç kimin yolunun həbsxanadan düşməsini arxulamırıq və həbsdə olanların da tez bir zamanda azadlıqda olmasını istərdik. Amma öncə azadlığa o insanlar buraxılmalıdır ki, onlar cinayət törətməyiblər, şərlənərək həbs olunublar və cəmiyyət üçün daha gərəklidirlər- bizim siyasi məhbuslar kimi... Həm də Əfvetmə haqqında Əsasnamədə göstərilir ki, “Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür”. Humanizm aktından hər bir şəxs ədalətli şəkildə, əməlinə və şəxsiyyətinə uyğun şəkildə bəhrələnməlidir.

 

Əfv komissiyası bu məhbusların əfvini nə üçün təklif edib?

 Hazırda cəmiyyəti düşündürən suallardan biri də budur. Ağır cinayət törətməkdə ittiham olunan məhbusların azadlığa buraxılması xeyli suallara və şübhəli məqamlara yol açır. Sosial şəbəkələrdə yayılan məlumatlarda və paylaşımlarda Əfv komissiyasına da korrupsiyanın ayaq açdığı bildirilir. Əlbəttə bu barədə əlimizdə hər hansı ciddi fakt olmadığından bir şeyə deyə bilmərik. Yalnız onu deyə bilərik ki, şərlənərək həbs olunan insanların deyil, ağır cinayət törətmiş şəxslərin azadlığa buraxılması ədalətsizlik olmaqla yanaşı əfvetmə siyasətinin tələblərini və prinsiplərini pozur.

....

Yay kimi dartılıb sıxılmış, bir umuda, sevincə köklənmiş cəmiyyətimizdə ədalətli əfv sərəncamını çoxları gözləyirdi; Analar, atalar, bacılar, qardaşlar, uşaqlar... Amma olmadı. Görünür ümid etmək azdır, çarpışmaq, mübarizə aparmaq lazımdır.

Sərəncamın ən duyğusal məqamlarından biri  atasının gəlişi münasibəti ilə Yeni il yolkası qurub ümidlə onun həbsxanadan çıxacağını gözləyən jurnalist Pərviz Həşimlinin 7 yaşlı qızının arzusu gerçəkləşmədiyinə görə  onu göz yaşları içində söküb atması oldu...

Suçlu ilə suçsuzu ayırmayan, haqqa və ədalətə söykənməyən bir sərəncam körpələrin göz yaşlarına dəyməz...

Həyat insanlara öyrədir ki, yalançı vədlərə deyil, haqq etdiyin dəyərlər ugrunda apardığın mübarizəyə inanmalısan...

Gəlin həyatın bizə öyrətdiklərindən ibrət və nümunə götürək!

 

 

 

 

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

ŞƏRHLƏR



 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com