AZ

RU

EN





 
Cəmiyyət 2012
DEPORTASİYA: TARİXİN İBRƏT DƏRSLƏRİ

DEPORTASİYA: TARİXİN İBRƏT DƏRSLƏRİ

2012 Dekabr 08 ( Bazar )  13:38:38
English  

 

Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının iyirmi dördüncü ili tamam olur 

 

Azərbaycanlıların Ermənistandan tam deportasiyasının iyirmi dördüncü ili tamam olur. Son deportasiya əməliyyatı ilə Ermənistan dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovaraq acı məhrumiyyətlərə məruz qoyub.   

Əslində Ermənistanda yaşayan azərbaycanlıların son deportasiya əməliyyatı 1987-ci il aprelin 24-də ermənilərin Yerevan yaxınlığında yerləşən Masis rayonu ərazisində azərbaycanlıların qəbiristanlığına basqını ilə başlayıb. Bu hadisədən sonra azərbaycanlılara qarşı Ermənistanın bütün rayonlarında hakimiyyət orqanları tərəfindən təzyiq və təhqirlərə start verilib.  

 

Son deportasiya 

 

Beləliklə, 1988-ci ilin soyuq dekabrının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb. 

Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarından göründüyü kimi, Ermənistan hökuməti tərəfindən həyata keçirilən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər isə öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarkdan ölüb, 8 nəfər itgin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır. 

İstintaq materiallarında əksini tapmayan qətl hadisələri də var. Belə ki, Ermənistan hakimiyyət orqanları 1989-cu ilin yanvarında əqli cəhətdən əlil olan insanların saxlandığı müəssisədə qalan 19 nəfər azərbaycanlı xəstə insanı oradan qovub. Xəstə insanlar şaxtalı havada Ermənistanla Azərbaycanın sərhədində Kəlbəcər rayonu ərazisində dağlarda donaraq ölüb. Onların cəsədləri 1989-cu ilin yazında tapılıb. 

 

Qaçqınlıq tarixi 

 

Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların qaçqınlıq tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər öz əksini tapıb. 

Erməni müəllifi Zaren Karkadyanın “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə” kitabında yazır: “1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2.000-də azərbaycanlılar yaşayıb”. 

Belə ki, Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış Gülüstan müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıb. 

1986-cı ildə Yerevanda dərc olunmuş “Ermənistan və ətraf rayonların toponimləri lüğəti” adlı kitabda yazıldığı kimi “indiki Ermənistan ərazisində yaşayanların 70 faizi 1828-1930-cu illərdə Türkiyə və İrandan gəlmiş mühacirlərdir”. 

Və ya 1911-ci ildə Peterburqda nəşr olunmuş Y.Şavrovun “Zaqafqaziyada rus işinə təhlükə” kitabından oxuyuruq: “1928-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40, Türkiyədən isə 84.600 erməni köçürülərək erməni millətinin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilib”.

Həmçinin ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu?” kitabında qeyd edir: “1820-1920-ci illərdə 600 min erməni Rusiya ərazisinə köçürülmüş, iki milyon müsəlman isə bu ərazini tərk edib”. 

 

XX əsr deportasiyası 

 

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.       

Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib.   

Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəzləşdrilib. 

 

Soyqırım  

   

XIX-cu əsrdə olduğu kimi, XX əsrdə də Ermənistanda yaşamış azərbaycanlılar dəfələrlə soyqırıma məruz qalıb. Azərbaycan tarixçisi Sabir Əsədov “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabında yazır ki, təkcə XX əsrdə soyqırımlar nəticəsində beş yüz mindən çox azərbaycanlı qətlə yetirilib. 

Bu fakt digər nəşrlərdə dərc edilən yazılarda təsdiqini tapır. Belə ki, Tbilisidə nəşr edilən “Revolyussinnıy Vostok” jurnalı 1923-cü il aprel sayında yazırdı: “Daşnak hökuməti öz hakimiyyəti dövründə Ermənistandakı azərbaycanlıların 60 faizini qırıb”. Yenə həmin jurnal 1936-cı ildə yazırdı: “Təkcə 1914-1918-ci illərdə İrəvan quberniyasında 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131.970 kişi öldürülüb”. 

Və ya Gürcüstanda nəşr olunan "Qruziya" qəzetinin 1918-ci il noyabr tarixli nömrəsindən oxuyuruq: “1918-ci ilin noyabrınadək Sisyan rayonunun 15 azərbaycanlı kəndində 625 nəfər ermənilər tərəfində öldürülüb və bu kəndlərə 51.390.000 manat ziyan dəyib”.  

Bu faciələrin canlı şahidləri də qalır. Keçmiş Basarkeçər rayonunun Qaraqoyunlu kəndinin sakini Aşıq Cahad hazırda Şəmkir rayonunun Çənlibel kəndində yaşayır. O deyir: “Aşıq Ələsgərin şagirdi aşıq Nəcəfi erməni daşnaklar yüzlərlə insanın gözü qarşısnda kürəyinə bağladığı iki samavarı qaynadaraq qətlə yetirdi. Aşıq Nəcəfin son nəfəsdə daşnak xisləti və erməni “gözəli” barədə dediyi şer isə indi də aşıqların dil əzbəridir”. 

 

Qarabağ fəryadı və  nəticələr 

 

Ermənistan hökumətinin azərbaycanlılara qarşı qeyri-insani hərəkətləri indi də davam etməkdədir. Belə ki, Ermənistan Azərbaycanın suvevnliyində olan Yuxarı Qarabağ və yeddi rayonu işğal edib. Bir miylondan çox azərbaycanlı didərginlik həyatının acı tarixini yaşamaqdadır. 

Bunlara baxmayaraq, tarixi torpaqlarından zaman-zaman tam miqrasiyaya uğradılmış azərbaycanlı əhalinin BMT nizamnaməsi və Beynəlxalq insan hüquqları bəyannaməsi çərçivəsində hüquqi müdafiəsi hələ də həyata keçirilməyib.    

ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan 20 illik danışıqların sonu görünmür. İndiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilmiş insanların siyasi, iqtisadi və sosial hüquqlarının bu ərazidə bərpası haqqında isə düşünən belə yoxdur.  

 

Plants: image 1 0f 1 thumb
ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email:editor@contact.az