Siyasi Məhbusları Müdafiə Mərkəzi

Nardaran işi; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar mövzusunda

Araşdırma- Hesabat

 

Ümumi məlumat. 2015-cı ilin noyabrın 26- da Nardaran qəsəbəsində 2- si polis olmaqla 6 nəfərin qətlə yetirilməsi, onlarla şəxsin yaralanması, çoxlu sayda insanın həbs olunması, ağır işgəncələrə məruz qalması ilə nəticələnən qanlı polis əməliyyatı keçirilib. Hadisələrlə bağlı 200- dən çox şəxs saxlanılıb və ya həbs olunub. Onların bir qismi inzibatı həbs cəzası və xəbərdarlığa məruz qalsalar da 87 nəfərə cinayət işi qaldırılıb və onlar hazırda həbsdədirlər. 7 nəfər axtarışdadır. 30 nəfərə yaxın təqsirləndirilən şəxsin işi (əsasən Nardaran sakinləri- red.) AR CM-nin 228.1-ci maddəsi ilə ümumi cinayət işindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və 2016- cı ilin may- iyul aylarında onlar barədə hökm çıxarılıb. Eyni zamanda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının daxil olduğu 17 nəfərlik qrupun Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başa çatıb və onlar haqqında hökm çıxarılıb. Hazırda MBH- nın sədri müavini Elçin Qasımovun və Hərəkatın digər fəalı Zülfüqar Mikayılovun daxil olduğu 2 qrupun məhkəmə prosesi davam edir.

Nardaran işi ilə bağlı həbs olunanların böyük əksəriyyəti DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dəhşətli və amansız igşəncələrə məruz qalıblar. Bu işgəncələrin bir hissəsi qisasçılıq zəminində baş verib, bir qismi isə həbs edilən şəxslərdən siyasi hakimiyyət və istintaq üçün yararlı ola biləcək etirafedici ifadələrin alınmasına xidmət edib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə məhkəmədə bildirib ki, ona və bəzi dostlarına işgəncə verərək Nardaran olaylarının arxasında Milli Şuranın və İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmək istəyiblər.

Nardaran qəsəbəsi haqqında...

Nardaran qəsəbəsi ölkənin paytaxtı Bakı şəhərindən 40 km. uzaqlıqda yerləşir. Digər kəndə və qəsəbələrdə olduğu kimi kənd sakinləri vaxtaşırı kasıbçılıq və işsizlik kimi problemlərdən əziyyət çəkirlər. Kənd əhalisi qatı şiə təəssübkeşi kimi ad çıxarıb. Azərbaycan İslam Partiyası və başqa islamyönlü təşkilatlar məhz bu qəsəbədə yaranıb.

Qəsəbə sakinləri 2000- ci, 2002- ci və 2006-cı illərdə bir sıra sosial və dini tələblərlə kütləvi etiraz aksiyaları keçiriblər. 26 noyabr 2015- ci ildə Nardaranda keçirilən əməliyyat qəsəbədə keçirilən ilk əməliyyat deyil. Birinci dəfə polis dinc qəsəbə sakinlərinə 2002-ci ilin yayında hücum edib. Kənd sakinlərinə qarşı polis hücumu nəticəsində bir nəfər- Əlihüseyn Əliyev həlak olub, onlarla adam ağır yaralanıb, 40-dan çox adam həbs edilib.

Ətraflı bu linkdə: http://www.azadliq.org/content/article/1927335.html

Hüquq müdafiəçiləri həbs edilənləri və Vətənə xəyanətdə (İranın xeyrinə casusluq), dövlət çevrilişi, mütəşəkkil qrupun tərkibində silahl qiyamda iştirak etmək, silah saxlamaqda və s. qanunsuz ittiham olunanları müdafiə edib.

2002-ci ildə irəli sürülən ittihamlar öz təsdiqini tapmadı. Həbs edilən və mühakimə olunan nardaranlılar sonradan əfv olundular və ya öz cəza müddətlərini başa vurdular.

Nardaran sakinlərinə qarşı amansız repressiyalar Azərbaycanda qədim olan Hacı Baxış məscidinin və populyar ziyarətgahın qəsəbə ərazisində yerləşməsi ilə izah edilir. Ölkə məscidlərinin əksəriyyəti Dini İşlər üzrə Dövlət Komitəsinin və şeyxülislamın nəzarətindədir. Lakin Nardarandakı ziyarətgah öz müstəqilliyini qorumaqda davam edir. Məhz həmin məscidlərdə İlham Əliyevin siyasətilə bağlı tənqidlər eşitmək mümkün olub.

Müsəlman Birliyi Hərəkatı haqqında...

Müsəlman Birliyi Hərəkatı 11 yanvar 2015-cı il tarixdə Qəhrəmanov Nahid Nəsib oğlu, İsgəndərov Elxan Səyədullah oğlu və Şirvanov Seyfəddin Nurullah oğlunun iştirakı ilə təsis edilib. Birliyin sədri seçilən Taleh Bağırzadə həmin vaxt AR CM-nin narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamıyla həbsdə olub.

MBH Nizamnaməsinə görə Azərbaycanın inkişafını arzulayan, müstəqil və azadfikirli şəxslərin birliyidir. Hərəkat öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin öz Nizamnaməsi əsasında qurur.

Hərəkatın məqsəd və vəzifələrinə insanlar arasında şüurlu vətənpərvərlik, həmrəylik və dini münasibətlərini yaymaq və inkişaf etdirmək, demokratik düşüncə və demokratik həyat tərzinin təbliğ edilməsi və bu dəyərlərin cəmiyyətdə təşəkkül tapması, baş verən ictimai proseslərlə bağlı obyektiv məlumat verilməsi, tərəqqi istəyən gənclərin birgə fəaliyyəti üçün şərait yaradılması, cəmiyyətdə milli-mənəvi, islami dəyərlərin qorunması və inkişafı, gənclərin arasında maarifləndirmə işinin aparılması və s. daxildir.

Hərəkatın əsas fəaliyyət formaları müxtəlif mövzularda debatların, mədəni tədbirlərin təşkil edilməsi, idman yarışlarının keçirilməsi, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, gənclər arasında müxtəlif elmi istiqamətlərin inkişaf etdirilməsi, ekoloji tədbirlərin keçirilməsi, sosial araşdırmaların aparılması, kitabların nəşr etdirilməsi, seminarların, simpoziumların, treninqlərin keçirilməsi, öz dövrü nəşrlərinin çap edilməsi daxildir.

Hərəkat qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, sənədlərində qüsurla olduğu iddiasıyla qeydiyyatdan imtina edilib. MBH ilə bağlı daha ətraflı bu linkdə: http://www.faktxeber.com/azrbaycanda-mslman-birliyi-hrkat-yaradld-_h454703.html

Nardaran hadisələrinə aparan yol...

Və ya hadisələrdən əvvəl nə baş verib!?

Nardaran hadisəsindən bir neçə həftə əvvəl- noyabr ayının 3-də Tale Bağırzadə Yasamal rayon Polis İdarəsinə çağırılaraq Milli Qəhrəman Mübariz İbrahimovun məzarına yürüş təşkil etməsi niyyəti barədə dindirilib. İdarədə olarkən namaz qılmaq istəyib, amma buna icazə verilməyib. Lakin o, ibadət etməyə başlayıb. Bu zaman idarənin rəisi İsgəndər Mehbalıyev və digər polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb.

5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları MBH- nın sədr müavini Elçin Qasımovun yaşadığı evə gələrək polis rəisinin onunla görüşmək istədiyini bildirərək onu İdarəyə dəvət edirlər. O idayərə gətirildikdən sonra fiziki zorakalığa və işgəncəyə məruz qalır. Ona polisə müqavimət ittihamı ilə inzibati həbs cəzasına məhkum edirlər. Elçin Qasımovun həbsinə etiraz edən bir qrup MBH fəalı Sabunçu rayon Polis İdarəsinin qarşısına gələrək dinc şəkildə ona azadlıq tələb ediblər. Polisin müdaxiləsi ilə iştirakçılar dağıdılıb və İsgəndərov Elxan - 15 sutka, Rzayev Sahil- 15 sutka, Osmanov Teymur- 15 sutka, Bunyatov Elvin- 15 sutka, Əhmədov Lətif -10 sutka, Əhməd adlı inanclı - 10 sutka, Əliyev Anar - 30 sutka, Qasimov Elçin - 30 sutka, Yəhyayev Agaəli - 30 sutka, Həbibov Sahib -30 sutka, Vəliyev Niftəli - 20 sutka inzibati qaydada həbs ediliblər.

Daha ətraflı bu linkdə: http://www.azadliq.org/content/article/27344660.html

10 noyabrda Müsəlman Birliyi Hərəkatı vətəndaş cəmiyyəti institutlarına və ölkədə fəaliyyət göstərən diplomatik korpusa müraciət edərək, son zamanlar bu quruma qarşı basqıları pisləyib. Təşkilatın ölkə qanunları çərçivəsində fəaliyyət göstərdiyi və bütün rəhbər sənədlərin qanunvericilik əsasında hazırlandığı qeyd edilib, qeydiyyata alınmaq üçün sənədlərin uyğun struktura təqdim olunduğu vurğulanıb. Biz illeqal, zorakı qurum deyilik, məqsədimiz sırasında insansevərlik, qanun və ədalətdən kənar heç nə yoxdur-deyə, müəlliflər bəyan edirlər.

 

Bəyanat bu linkdə: http://www.contact.az/docs/2015/Social/111000135895az.htm#.V3JW0vl97IU

 

26 noyabrda Nardaranda nə baş verib?

 

Yerli kənd sakinlərinin, şahidlərin və təqsirləndirilən şəxslərin verdiyi məlumata görə 26 noyabr 2015-ci ildə Nardaranda kənd sakini Əbülfəz Bünyatovun evində Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin iştirakı ilə keçirilən məclisə qəflətən DİN BMCMİ- nin qara maskalı əməkdaşları hücum ediblər. 6 nəfərin ölümü, 4 nəfərin yaralanması və ilkin olaraq 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma baş verib.

Həlak olanlardan 2-si Daxili İşlər Nazirliyinin əməkdaşı (polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev), digər 4 nəfər isə Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyatov Fərayıl Zeynalabdin oğlu və Bünyatov Rəfayıl Zeynalabdin oğlu) qəsəbə sakinidir. (Onlardan biri sonradan xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçiriblər, barrikadalar qurulub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlanıb. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1-2 dekabr 2015-cil tarixlərində Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar, o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu bildirilib.

Daha ətraflı bu linkdə: http://www.azadliq.info/104457.html

Rəsmi mövqe:

Güc strukturları- Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş prokurorluğunun yaydığı məlumata görə 26 noyabr 2015- ci ildə Nardaranda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə Müsəlman birliyi adlı hərəkat yaratmışlar, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Dövlət qurumlarının iddialarına görə, silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Nardarandakı əməliyyat prezident İlham Əliyevin nəzarəti altında olub (Güc strukturlarının media üçün birgə açıqlamasından). Daha ətraflı bu linkdə: http://mia.gov.az/?/az/news/view/884/

Əks mövqe:

Əməliyyat kənd sakini, MBH- nın təsisçilərindən və İdarə Heyəti üzvlərindən olan Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun həyat yoldaşının sözlərinə görə Məhərrəmliyin 40 mərasiminə hazırlıq zamanı evdə ehsan verilirmiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət olunmuşdur. Bünyatovanın sözlərinə görə namaz vaxtı qəflətən DİN Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər, səs bombasından, güllədən istifadə ediblər. Nardaran sakinlərinin sözlərinə görə Taleh Bağırov 20 gün imiş ki qəsəbədə qalırmış. Həmin günü evdə 20 nəfərə yaxın adamın olduğu da bildirilir. Hadisə yerində olan kənd sakinləri əməliyyat zamanı sakinlərdə silah olmadığı və onların silahdan istifadə etmədiklərini və polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyiblər.

Daha ətraflı bu linkdə: https://www.meydan.tv/az/site/opinion/9623/Nardaranda-at%C4%B1%C5%9Fma-olan-evd%C9%99n-reportaj-(V%C4%B0DEO).htm

Taleh Bağırzadənin, Abbas Hüseynovun və Zakir Mustafayevinin istintaqa verdiyi sonrakı ifadələrindən eləcə də vəkillərinin mediaya verdiyi məlumatlardan aydın olur ki, onlardan fiziki və mənəvi-psixoloji təzyiq altında, bəzənsə işgəncə verilməklə istintaqın ilkin vaxtlarında etirafedici ifadələr alınıb. Lakin sonradan onlar həmin ifadələri təsdiq etməyiblər və baş vermiş hadisədə rəsmi qurumları ittiham ediblər. İş üzrə digər təqsirləndirilən şəxslərin verdikləri etirafedici ifadələrin də işgəncə altında alındığı bildirilir. Digər təqsirləndirlən şəxslərin vəkilləri dövlət hesabına təyin edilmiş vəkillər olub və Azərbaycanda dövlət hesabına təyin olunan vəkillərin xüsusuilə siyasi məzmunlu işlərdə bir qayda olaraq təqsirləndilən şəxsləri formal müdafiə edir və istintaq orqanları ilə fəal əməkdaşlıq edirlər.

"Nardaran işi" ilə bağlı həyata keçirilən həbslər

Apardığımız araşdırmalar göstərir ki, "Nardaran işi" ilə bağlı həyata keçirilən həbsləri 3 mərhələyə bölmək olar;

1. 05 noyabrdan 26 noyabra qədər olan dövr; Bu dövrdə Müsəlman Birliyi Hərəkatının (MBH) sədr müavini Elçin Qasımov və onun həbsinə etiraz edən, Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs olunan şəxslər daxildir;

2. 26 noyabr günü həyata keçirilən həbslər. Başda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi olmaqla güc strukturlarının Nardaranda həyata keçirdiyi qanlı əməliyyat nəticəsində MBH- nın sədri Hacı Taleh Bağırzadə və onun bir qrup tərəfdarının həbsi;

3. 26 noyabrdan sonrakı müddətdə həyata keçirilən həbslər. Bu həbslərə Bakıda və regionlarda həbs olunan həm MBH- nın tərədarları, həm digər dindarlar daxildir. Yerli Nardaran sakinləri, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da 26 noyabr hadisəsindən sonra həbs olunublar.

 

Taleh Bağırzadə kimdir?

Tanınmış ilahiyyatçı Taleh Kamil oğlu Bağırzadə həm dünyəvi, həm də dini təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Azərbaycana qayıdan Taleh Bağırzadə məktəblərdə hicab qadağasına qarşı 2011ci ildə Təhsil nazirliyi qarşısında keçirilən dinc aksiyada iştirakına görə Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri üzrə həbs olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, bu müddət başa çatdıqdan sonra 06 noyabr 2012ci ildə yenidən həbs edilməmişdən 4 ay qabaq azadlığa buraxılmışdır. 2013-cü il martın 24də o, məsciddə xütbə söyləmiş, xütbə zamanı hakimiyyəti korrupsiyada, saxta ittihamlarla həbslərin aparılmasında ittiham etmiş, möminləri diktatorun zülmündən qorxmamağa çağırmışdır. Bu xütbənin videosu Bağırovun özü tərəfindən martın 25də Hacı Tale hakimiyyətdən gələn təhdidlərə cavab verdi adı ilə Youtubeda və digər sosial şəbəkələrdə yayılmışdır. İlahiyyatçı bu çıxışından sonra mülki geyimlilər tərəfindən saxlanılmış, onun barəsində bir neçə gün ərzində məlumat verilməmiş, yalnız sonradan Bağırovdan narkotik maddənin tapıldığı iddia edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Taleh Bağırov Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2013cü il qərarı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Taleh Bağırovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013cü ildə insan haqları üzrə hesabatına daxil edilib. Həmçinin o, Amnesty İnternational təşkilatı tərəfindən icdan məhbusu elan olunub.

T. Bağırzadə Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən biri kimi tanınır. O təkcə dini sahədə olan məhdudiyyətləri deyil, həm də digər neqativ hallara görə hakimiyyəti davamlı tənqid edir. 13 yanvar 2015-ci ildə yaradılmış Müsəlman Birliyi Hərəkatının təşəbbüskarı olmuş və həbsdən çıxdıqdan sonra sədri seçilib. Həmçinin, 2013-cü ilin mayında yaradılmış müxalif partiyaları və şəxsləri birləşdirən Milli Şuranın da üzvüdür.

Taleh Bağırzadə ikinci həbs həyatını 2015- ci ilin avqust ayında başa vurub azadlığa çıxıb. O azadlığa çıxdıqdan sonra da hakimiyyəti sərt tənqid etməkdə davam edib. Onun xütbələri, videoçıxışları yotube.com- da yerləşdirilir və getdikcə izləyicilərin sayı artır. Eyni zamanda onun dini camiyədə nüfuzu artır. Taleh Bağırzadənin rəhbərliyi altında Müsəlman Birliyi Hərəkatı bütün ölkə boyu təşkilatlanır və qısa zamanda təşkilat sıralarına qoşulanların sayı artır. Xüsusən dini camiyədə olan bir sıra tanınmış və nüfuzlu şəxslər, eləcə də gənclər təşkilata üzv olurlar. Taleh Bağırzadənin nüfuzu artıqca hakimiyyətin ona yönəlik təzyiqləri də artır. Bir neçə dəfə polisə çağırlaraq təzyiqlərə və hədə- qorxulara məruz qalır. Nəhayət, o, hakimiyyətin öncədən planladığı və xüsusi hazırlıqla həyata keçirdiyi 26 noyabr Nardaran hadisələri zamanı yenidən həbs olunur. Hakimiyyətin bu dəfəki məqsədi onu və tərəfdarlarını daha sərt cəzalandırıb uzun müddətli həbsə göndərmək olur.

 

Nardaran işi-ndə siyasi motivlər

Nardaran işi- ndə siyasi motivlər varmı? Suala MBH- nın sədri Tale Bağırzadənin təqib dinamikasına diqqət yetirdikdə cavab tapmaq mümkündür. Bu dinamikaya qısaca nəzər salaq; 

Siyasi hakimiyyəti sərt tənqid edən MBH sədri Taleh Bağırov həbsdən çıxdığı 31 iyul 2015-ci il tarixdən etibarən daima hüquq-mühafizə orqanları və hakimiyyətə yaxın KİV- lərin qarayaxma kampaniyasına məruz qalıb, hüquq-mühafizə orqanlarının təqib və təzyiqi altında olub.

Buna qədər isə o 2 dəfə həbsdə olub. Həbsdən çıxandan dərhal sonra onun təqibi davam etdirildi.    

 

Belə ki, 22 sentyabr 2015-ci ildə Bağırov keçmiş Milli Təhülkəsizlik Nazirliyinə çağırılıb, ona hədə- qorxu gəlinib (http://www.azadliq.org/a/tale-bagirzade-ilahiyyatci/27262889.html.

 

25 sentyabr 2015-ci il Yevlax rayon Polis Şöbəsində saxlanılıb http://virtualaz.org/uzbeuz/54808

 

3 noyabr 2015-ci ildə Taleh Bağırov heç bir hüquqi əsas olamadan Yasamal Rayon Polis İdarəsinə çağırılıb və orada idarənin rəisi İsfəndiyar Mehbalıyev tərəfindən fiziki zorakılığa mərzu qalıb, döyülüb (http://www.azadliq.org/a/27344660.html).

5 noyabr 2015-ci ildə Taleh Bağırovun MBH-də müavini olan Elçin Kamal oğlu Qasımov heç bir hüquqi əsas olmadan yaşadığı evin qarşısından Sabunçu rayon Polis İdarəsinə aparılır və ertəsi gün Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati qaydada həbs edilir. Həmin vaxt İdarənin qarşısına yığılıb, Qasımovun azadlığa buraxılmasını tələb edən çoxlu sayda dinc dindarlar da həbs edilir, onlara idarədə işgəncələr verilir, daha sonra da inzibati qaydada həbs cəzaları kəsilir.   

Daha sonra dövlət televizyasi olan AzTV, hakimiyyətə yaxın- ATV, Xəzər TV, Space TV, Lider TV və s. Taleh Bağırzadə və tərəfdarlarını mütəmadi olaraq terrorçu, iğtişaşçı adlandıran, MHB-ni Boko Haram, İŞİD, Əl Qaidə,  Taliban və sair kimi terror təşkilatları ilə, Bağırovnn özünü isə dünyada məhşur terrorçu kimi tanınan şəxslərlə (Molla Ömər, Əl Bağdadi və s.) müqayisə edən mətnlə reportajlar verilir. Bağırov və tərəfdarlarının islam şəriəti qurub, ölkənin konstitusion quruluşunu dəyişmək niyyəti güddüyü bildirilir, onun və tərəfdarlarının  tez bir zamanda sərt cəzalandırılacağı vəd edilir.

13 noyabr 2015-ci il tarixdə Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Sultanov Eldar Aslan oğlu Baş prokuroru Zakir Qaralova Təqrirlə müraciət edərək, yazır ki, KİV və sosial şəbəkələrdə dərc olunmuş məqalələrdə müvafiq qaydada rəsmi dövlət qeydiyyatına alınmamış Müsəlman Birliyi Hərəkatı adlandırılan ictimai birliyin sədri Bağırov Taleh Kamil oğlunun din pərdəsi altında təbliğat apararaq ictimai yerlərdə, həmçinin Bakı şəhəri ərazisində fəaliyyət göstərən məscidlərdə iştirak etdiyi tədbirlərdə, o cümlədən 24 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Həzrəti Əbülfəzl məscidində Aşura mərasimi zamanı çıxışında, eləcə də özünə məxsus facebook sahifəsində, habelə ayrı-ayrı vaxtlarda müxtəlif dövri nəşrlərdə və internet şəbəklərində yayımlanan müsahibələrində vətəndaşları ictimai qaydanın pozulmasına və hakimiyyətin qanuni tələblərinə tabe olmamağa səbəb olan hərəkətləri təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə çağırışlara dair fikirlər səsləndirib dövlət əleyhinə təbliğat aparması barədə informasiyalar dərc edilmişdir. Qeyd edilənlərin müvafiq qaydada araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm. Məktuba Tale Bağırovun Facebook səhifəsindəki yazıları, mediadakı çıxışlarının surətləri əlavə edilib. Bu isə o deməkdir ki, Tale Bağırzadə ifadə azadlığına görə təqib olunurdu. Məqsəd sərt tənqidi çıxışına görə onu və tərəfdarlarını uzun müddətli cəzalandırmaq idi.

Haşiyə. Yerli müstəqil hüquq müdafiəçiləri hesab edirlər ki, Nardaran hadisələri ilə bağlı həbs olunanlar günahsızdır. Onların həbsində AŞPA-nın 03 oktyabr 2012- ci il tarixli siyasi məhbus kriteriyaları ilə bağlı 1900 saylı Qətnamənin tələbləri pozulduğu üçün onlar siyasi məhbusdur. Tanınmış beynəlxalq hüquq- müdafiə təşkilatı Amnesty İnternational təşkilatı 6 fevral 2017- ci ildə yaydığı "Azərbaycan: "Nardaran işi"-ndə işgəncə və ədalət mühakiməsi" adlı sənəddə həbs olunan şəxslərdən işgəncə altında ifadə alındığını bildirərək bu ifadələrin sübut kimi qəbul olunmasının yol verilməz olduğunu qeyd edərək həmin şəxslərin azadlığa buraxılmasının vacibliyini bildirib (https://www.amnesty.org/fr/documents/eur55/5633/2017/en/).

 

Nardaran olaylarına siyasi müxalifəti bağlamaq cəhdi...

Hakimiyyət öz rəqiblərini nüfuzdan salmaq və sıradan çıxarmaq üçün həmişə ona qurşaqdan aşağı zərbə vurmaq, qanunsuz hərəkətlər etməyə cəhd göstərib. Bunun üçün də siyasi müxalifəti, konkret olaraq AXCP və Milli Şuranı Nardaran olaylarına bağlamaq üçün 08 dekabr 2015- ci ildə Xalq Cəhbəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlını həbs edib. Onun Facebook sosial şəbəkəsində yazdığı statuslara görə CM- nin 281.2-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmə), 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2- ci maddəsi ilə (İğtişaşlara çağırış) ittiham elan edilib. Amma F. Qəhrəmanlının Nardaran olaylarına bağlamaq cəhdi hakimiyyətin nəinki planlarını pozub, əksinə onu ifşa edib. Məhkəmə prosesində AXCP, Milli Şura və digər müxalif qüvvələr, eləcə də beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklər, mətubat nümayəndələri, yerli hüquq müdafiəçiləri daha aktiv iştirak ediblər, məhkəmə prosesini izləyiblər.

Amnesty İnternational təşkilatı Fuad Qəhrəmanlını vicdan məhbusu elan edib.

 

Nardaran işi ilə bağlı irəli sürülən ittihamlar...

Nardaran olaylarına dair həbs edilənlər (xüsusən Taleh Bağırzadə və MBH üzvləri- red.) barəsində Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi ilə əlaqədar ağır maddələrlə, xüsusən Cinayət Məcəlləsinin 120- ci (qəsdən adam öldürmə), 214- cü (terrorçuluq), 220- ci (kütləvi iğtişaş), 228- ci (qanunsuz olaraq odlu silah satma, saxlama, daşıma və gəzdirmə), 233- ci (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278- ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283- cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) və s. maddələri daxil olmaqla CM- nin 20- dən çox maddəsi üzrə ittiham irəli sürülüb.

Həbs olunanların əksəriyyəti ilk gündən vəkilsiz olublar. Vəkilsiz dindiriliblər. Uzun müddət onlar xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılıblar. Məhkəmə önünə çıxarılmayıblar, ailələri ilə əlaqə saxlamasına, özlərinin seçdikləri vəkilləri ilə görüşməsinə imkan verilməyib. Məsələn, Taleh Bağırzadə həbs olunduqdan 1 ay sonra, 28 dekabr 2015- ci ildə vəkili onunla görüşə bilib. Nardaran olaylarından bir ildən artıq vaxt keçməsinə baxmayaraq hadisə ilə bağlı əməliyyat çəkilişi bu günə qədər ictimaiyyətə təqdim edilməyib. Təkcə bu faktlar Nardaran hadisələrinin qurama və sifarişli olmasını deməyə əsas verən amillərdəndir.

İttiham Aktından çıxarış; Nardaran işi ilə bağlı tərtib olunan İttiham Aktında Taleh Bağırzadə və Müsəlman Birliyi Hərəkatı haqqında deyilir; Azərbaycan respublikasının konstitusiya qurluşunu zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə olunan dini dövlət qurulmasına yönəlik hərəkətlər etmək məqsədilə Bakı şəhərində və digər bölgələrdə tərəfdarlar toplamaqla Bağırov Taleh Kamil oğlunun rəhbərliyi ilə müvafiq qaydada rəsmi dövlət qeydiyyatına alınmadan təsis edilmiş Müsəlman Birliyi Hərəkatı İctimai Birliyə radikal dini baxışları bölüşən şəxsləri (adlar yazılır- red.) cəlb etməklə Bakı şəhəri Yasamal rayonu H. Zərdabi küçəsi, 78E ünvanda ofis kirayələməklə Taleh Bağırovun rəhbərliyi ilə vəzifə bölgüsü aparılıb. İrəli sürülən ittihamları Tale Bağırzadə və digər şəxslər qəbul etmirlər.

Məhkəmə dövründə olan qanun pozuntuları...

Məhkəmədə yol verilən bir neçə ciddi qanun pozuntularına nəzər salaq;

Taleh Bagırzadə ilə birgə təqsirləndirilən 17 nəfərin işi üzrə məhkəmə prosesi çoxsaylı prosessual pozuntularla müşayət olunub. Təqsirləndirilən şəxs Tale Bağırzadənin və digərlərinin vəkili Yalçın İmanov bildirir ki, məhkəmə prosesində Nardaran və Mastağa qəsəbəsindən olan 10-a yaxın şahid Sabunçu rayon Polis Idarəsinə və Sabunçu RPI-nin 42-ci Polis Bölməsinə cagrılıb, onlara təzyiq edilib. 2 şahid Samir Babayev və Valeh Abbasov Sabunşu RPI-də fiziki və mənəvi-psixoloji təzyiqlərə məruz qalıb, onlara elektroşok verilib. Eyni zamanda məhkəməyə gələn insanlar sonradan polis bölmələrinə aparılıb, onlara təzyiq edilib. 2 nəfər- Fail Şahbazov və Tacəddin Qaydalıyev inzibati qaydada 30 sutka muddətinə həbs edildi, sonradan birinciyə CM- nin 228- ci maddəsiylə cinayət işi açılıb və həbs edilib. MBH- nın fəal üzvü Əhsən Nuruzadə DİN BMCMİ- nin əməkdaşları tərəfindən ogurlanaraq 1 həftə yeri naməlum saxlanılıb. İctimai təpkidən sonra onun yeri məlum olub və 10 sutka inzibati həbs cəzasına məhkum edilib.

Məhkəmə prosesi gedişində avqust ayı boyunca, 23 və 25 dekabr 2016-ci il tarixlərdə hakimiyyət yönlü televizyalarda Taleh Bağırzadə və tərəfdarlarının ciddi cəzalanacağı ilə bağlı oxşar mətnli reportajlar yayımlanıb. 15 dekabr 2015-ci il tarixdə DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov xüsusi bəyanatla çıxış edərək təqsirləndirilən şəxsləri və onları müdafiə edən vəkillərin cəzalandırlacagını bəyan edib. Məhkəmə prosesinə gələn və onları müdafiə edən fəallar- Milli Şuranin üzvləri Eldəniz Quliyev, Oqtay Gülalıyev, Gözəl Bayramlı və Nurəddin Məmmədli 14 oktyabr 2016- cı ildə DIN BMCMI-yə cagrılıb hədələndilər. Məhkəmənin 14, 16, 19, 21 və 23 dekabr iclasları, həmçinin sənədlərin elanı və tədqiq edilməsi təqsirləndirilən şəxslərin iştiraki olmadan keşirilib. Sənədlər elan olunsa da heç bir sənəd tədqiq edilməyib, bununla bağlı müdafiə tərəfinin heç bir vəsatəti təmin edilməyib.   

Məhkəmə prosesinin gedişində müdafiəçilər tərəfindən verilən 50-dən çox vəsatət təmin edilməyib. Xüsusən, 26 noyabr 2015-ci ildə əməliyyat axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokola imza atmış 8 nəfər, 27 noyabr 2015-ci il tarixli Müsəlman Birliyi Hərəkatının ofisində axtarış keçirilməsi protokoluna imza atmış, 03 dekabr 2015-ci il tarixli hadisə yerinə baxiş keçirlməsi protokoluna imza atmiş, əməliyyat müvəkkili Ceyhun Imamverdiyevin bronjiletinə baxış kecirlməsi protokoluna imza atmiş, MBH-nın İdarə heyətinin həbsdə olan üzvlərinin və digərlərinin (24 nəfər) üzərinə, mənzilinə, əl çantasına və nəqliyyat vasitəsinə baxış keçirilməsində iştirak etmiş hal şahidlərinin dindirilməsi, 2-ci və 3-cü qrupda (muvafiq olaraq Elçin Qasımov və Zülfuqar Mikayılovun olduğu iş üzrə təqsirləndirilən 24 nəfər-red.) olan təqsirləndirilənlərin məhkəməyə dəvət edilib dindirilməsi vəsatətləri təmin edilmədi. Bu vəsatətlər cinayət işi üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparmaq üçün ən vacib vəsatətlər idi.   

Bütövlükdə Taleh Bağırzadə və təqsirləndirilən 17 nəfərin işi üzrə 32 zərərçəkmiş şəxs olub. 2 nəfər ölən polislərin hüquqi varisləri məhkəməyə gəlməyiblər. Onların məhkəməyə gəlməsi ilə bağlı müdafiəçilərin vəsatətləri təmin edilməyib. 18 nəfər BMCMI-nin əməliyyatçıları olub, 12 nəfərsə Sabunçu RPI-nin polis əməkdaşları olub ki, onların hamısı məhkəməyə gəlib ifadə veriblər. 72 şahiddən 67-i məhkəmədə dindirilib, bir nəfərin dindirilməsi məhkəmədə qalmaqal yaratdığından yarımçıq qalıb.

Məhkəmədə vəsatət verilməsinə, eləcə də Nardaran olaylarından bir ildən artıq vaxt keçməsinə baxmayaraq hadisə ilə bağlı əməliyyat çəkilişi bu günə qədər ictimaiyyətə təqdim edilməyib.

Məhkəmə araşdırması dövründə təqsirləndirilənlər Taleh Bağırzadə və Abbas Hüseynov 3 dəfə, hər dəfə  5 gün olmaqla cərimə təcridxanasına (karser) salınıb.

Taleh Bağırzadə və MBH üzvləri niyə cəzalandırılır? 

Heç şübhəsiz hakimiyyəti narahat edən əsas məsələ Taleh Bağırzadənin simasında dini fəallarin siyasi proseslərə nüfuz etməsi və fəallaşması idi. Müsəlman Birliyi Hərakatı qısa müddətdə 2015-ci ilin yanvar ayının 13-də təsis edilməsinə baxmayaraq sürətlə təşkilatlanırdı. Hərakatda savadlı, gənc, enerjili, siyasi proseslərə biganə qalmayan fəallar qoşulurdu və bu, hakimiyyətin nəzərində böyük təhlükə kəsb edirdi. 

Taleh Bagırzadənin əvvəlki 2 həbsi onu sındıra və mübarizədən çəkindirə bilməmişdi. Əksinə, o həbsdən daha mətinləşmiş və yoluna daha bağlanmış vəziyyətdə çıxmışdı. Üstəlik o hakimiyyətə qarşı tənqidin dozasını daha da artırmışdı. Buna görə də onun simasında bu problemi həl etmək üçün onu daha ağır maddələrlə uzun müddətə və yaxud da ömürlük həbsə göndərmək lazım idi.

Məqsəd Naradaran qəsəbəsini bu prosesə cəlb etmək üçün Tale Bağırzadəni sıxışdırıb bu qəsəbəyə salmaq və bununla da həmin qəsəbə ilə bağlı illərdir həll olunmayan problemləri yoluna qoymaq idi. Onun simasında Müsəlman Birliyi Hərəkatını sıradan çıxarmaq və uzun illər hakimiyyət üçün alınmaz qala kimi görünən Nardaran mifini dağıtmaq idi.

Hazırda Taleh Bağırzadə və onunla birgə təqsirləndirilən digər 17 nəfərin məhkəməsi başa çatıb. Tale Bağırzadə və Hüseyn Abbas 20 il, Fuad Qəhrəmanlı 10 il, digər təqsirləndirilən şəxslərə isə 14,6- 19 il arası müddətə azadlıqdan məhrum edilib. Onların vəkilləri, yerli müstəqil hüquq müdafiəçiləri və müxalif partiyalar isə həmin şəxslərin bəraət alıb azadlığa buraxılmasını tələb edirlər.  

İşgəncə halları. Nardaran işi ilə bağlı həbs olunanlar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hadisə günü və hadisədən sonra adı çəkilən idarədə ağır işgəncələrə məruz qalıblar. Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslər məhkəmədə verdikləri ifadələrində bildiriblər ki, Fərayil adlı şəxsi DİN BMCMİ- nin əməkdaşları onun gözü qarşısında Nardaranda mebel maşınında avtomatın qundağı ilə döyə- döyə öldürüblər. MBH- nın Mətbuat Xidmətinin rəhbəri Əbülfəz Bünyatov aldığı ağır zərbələr nəticəsində belı sınıb. 1 ildən çoxdur ki yataq xəstəsidir, yaxınlarının verdiyi məlumata görə bədənində çürümə gedir. 26 noyabr 2015- ci ildə hadisə zamanı güllə- boran edilən şəxslərdən Cahad Balakişiyevin, Şamil Əbdüləliyevin və Bəhruz Əsgərovun bədənində bir ildən çoxdur ki, güllə qəlpəsi var. Onların bədənindən qəlpənin çıxarılmasına və bu şəxslərin müalicə olunmasına imkan verilmir, şərait yaradılmır.

Müsəlman Birliyi Hərəkatında təbliğat şöbəsinə rəhbərlik edən Seyfəddin Şirvanov məhkəmədə bildirib ki, onu əvvəlcə 13-cü polis bölməsinə, ordan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Seyfəddin Şirvanov deyir ki, orada onu həyat yoldaşını həbs etməklə hədələyiblər: Mənə evimdən guya silah çıxması barədə sənədə qol çəkdirmək istədilər. İmzalamaqdan imtina elədim. Dedilər ki, həyat yoldaşın imzalayıb, əgər sən imtina eləsən, hamilə arvadını tutub, silahı onun adına yazacağıq. Mən də qorxumdan imzaladım. Bir neçə aydan sonra yoldaşımla danışanda soruşdum, dedi ki, gəlib axtarış aparıblar, amma heç nə tapa bilməyiblər. Onda başa düşdüm ki, məni aldadıblar.

MBH fəalı Ramil Əliyev məhkəmədə verdiyi ifadə zamanı bildirib ki, "Bandotdel"də mənim başıma o qədər vurdular ki, axırda huşumu itirdim. Mənim əsəblərim orada pozulub".

Elçin Qasımov məhkəməyə işgəncələrlə bağlı şikayət təqdim edib. Onun sözlərinə görə, 2015-ci il noyabrın 5-də Sabunçu polis idarəsində 70-ə yaxın saxlanılan şəxsi döşəməyə yatmağa məcbur edən polislər onların üstündə gəziblər.

Vəkil Yalçın İmanov təqsirləndirilən şəxslərə verilmiş işgəncələrlə bağlı bildirib ki, həbs edilən şəxslərin hammısına işgəncə verilib; Həm həbs edilərkən, həm də sonradan bandotdel- də saxlandıqları müddətdə onlara ağır işgəncələr verilib. Yaxınları və ailə üzvləri ilə hədələniblər. Ailə üzvlərinin, xüsusən həyat yoldaşlarının, ana və bacılarının bandotdel- ə gətirilib rüsvay ediləcəyi ilə hədələniblər (Məsələn, Cabbar Cabbarov, Rasim Cəbrayılov, Zakir Mustafayev, Abbas Quliyev və s.). İşgəncələr mütəmadı və davamlı döymə, fiziki əzab vermə, zorlamaqla, axtalamaqla, hədələnmə və zorlama və s. olub.

Təəssüf ki, Taleh Bağırzadənin və digərlərinin məhkəmə işində təqsirləndirilən şəxslərin igşəncəyə qalmasına hüquqi qiymət verilməsi və ölçü götürülməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı addım atılmadı. İşgəncə hallarının araşdırılması ilə bağlı Elçin Qasımovun rəsmi müraciətinin araşdırılmasını hakim Mail Bayramov Baş Prokurorluğa göndərsə də obyektiv araşdırma aparılacağı inandırıcı deyil.

Amnesty İnternational təşkilatı 06 fevral 2017- ci ildə yaydığı "Azərbaycan: "Nardaran işi"-ndə işgəncə və ədalət mühakiməsi" adlı sənəddə də qeyd olunur ki, işgəncə altında alınmış etirafedici ifadə sübut üçün əsas sayıla bilməz. (https://www.amnesty.org/fr/documents/eur55/5633/2017/en/)

 

Son...

Və ya açıq qalan suallar

 

Hazırda Nardaran işi ilə bağlı təqsirləndirilən şəxslərdən 50- yə yaxın şəxsin (Nardaran sakinləri, Taleh Bağırzadə ilə birgə mühakimə olunan 17 nəfər- red.) məhkəmə prosesi başa çatsa da ümumilikdə bu işlə bağlı həbs edilənlərin məhkəməsi davam edir. Nardaran işi- nə istintaq orqanları və birinci instansiya məhkəməsi hüquqi qiymət versə də bir çox suallar açıq qaldı. Hakimiyyət Taleh Bağırzadəni və onun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının terrorçuluqda, dövlət çevrilişinə cəhddə, konstitusiyanı dəyişməkdə və s.- də ittiham edir. Amma nə istintaq orqanları, nə də məhkəmə aşağıdakı suallara cavab vermədi;

-       MBH terrorçu təşkilat idisə niyə ictimai birlik kimi yaradılıb sənədləri qeydiyyat üçün Ədliyyə nazirliyinə təqdim edilib?

-       Əgər MBH terrorçu təşkilat idisə niyə əməliyyat Hərəkatın ofisində deyil, Nardaran kəndində dinc sakinlərə qarşı həyata keçirilirdi?

-       Taleh Bağırzadə terrorçu idisə niyə hüquq- mühafizə orqanlarının çağırışına dərhal, tək- tənha və silahsız gedirdi? Polisdə izahat yazıb sorguları cavablandırırdı?

-       Terrorçu hakimiyyətə qarşı sözlə mübarizə aparır, yoxsa silahla? Nəyə görə T. Bağırzadə və MBH- nın üzvləri hakimiyyət dəyişikliyini zorakılıq yolu ilə deyil, xalqın iradəsi ilə demokratik seçki yolu ilə həyata keçirilməsində görürdülər və bunun üçün də hakimiyyəti kəskin, sərt tənqid edirdilər?

-       Taleh Bağırzadə və MBH üzvləri necə şəriət qanunları ilə idarə olunan dövlət qurmaq istəyirdilər ki, onların bütün çıxışlarında Azərbaycan respublikasının Konistitusiyası əsas götürülür və dünyəvi dövlət modeli təbliğ olunur?

 

Nəticə. Yuxarıda qeyd olunanları ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, 26 noyabr 2015- ci ildə Nardaran qəsəbəsində öncədən planlaşdırılaraq DİN BMCMİ tərəfindən həyata keçirilən, 2- si polis olmaqla 6 nəfər vətəndaşın qətlə yetirilməsi ilə nəticələnmiş qanlı polis əməliyyatı qeyri- peşəkar hazırlanmış və həyata keçirilmişdir. Məhz qeyri- peşəkarlığın nəticəsi olaraq heç bir əsas olmadan 6 nəfər dinc və günahsız vətəndaş qətlə yetirilib. Güc strukturları güc tətbiq etməmişdən öncə zəruri vasitələrin tətbiq olunması və addımların atılması (şübhəli bilinən şəxsləri polisə dəvət etmək, onlarla danışıqlar aparmaq, xəbərdarlıq etmək, qeyri- güc və qeyri- zorakı vasitələrdən istifadə etmə və s.) üçün heç bir iş görməmişdir. Nəticədə 6 nəfərin ölümü, onlarla şəxsin yaralanması, 100- ə yaxın şəxsin həbs olunması və .- lə nəticələnən qanlı hadisə baş verib. Bütün bunlar isə onu deməyə əsas verir ki, hakimiyyətin məqsədi şübhəli şəxsləri qanuna dəvət edib onları ədalətli mühakimə etmək yox, Taleh Bağırzadə və MBH- nın üzvlərinə divan tutmaq, onları ağır cəzalandırmaq və uzun müddətli həbsə göndərmək, eləcə də Nardaranda sərt nəzarət yaratmaq olub.

Tövsiyyələr; 26 noyabr 2015- ci ildə Nardaran qəsəbəsində həyata keçirilmiş əməliyyat, həbslər, işgəncə, istintaq və məhkəmə qərarları ilə bağlı aşağıdakı tövsiyyələr irəli sürülür;

  1. 26 noyabr 2015- ci ildə Nardaran qəsəbəsində DİN BMCMİ tərəfindən həyata keçirilmiş, 2- si polis olmaqla 6 nəfər vətəndaşın qətlə yetirilməsi ilə bağlı nəticələnmiş qanlı polis əməliyyatının çəkilişi ictimaiyyətə təqdim olunsun.
  2. Əməliyyyatı qeyri- peşəkar həyata keçirdiyinə, ölüm, yaralama, ziyan vurma, psixoloji qorxu, əhalidə vahimə yaratmaq, ictimaiyyətə yanlış məlumat vermə, əsassız ön yarğılama və s. faktlara görə aidiyyatı şəxslər məsuliyyətə cəlb olunsun;
  3. Həbs edilən şəxslərə işgəncə verən vəzifəli şəxslər məsuliyyətə cəlb edilsin;
  4. Nardaran işi ilə bağlı əsassız həbs olunan şəxslər azadlığa buraxılsın və ədalətli məhkəmə təmin olunsun;

İstifadə olunan mənbələr;

1.     DİN, MTN və Respublika Baş Prokurorluğunun birgə yaydığı rəsmi məlumatlar

2.     Ittiham Aktından çıxarışlar

3.     Təqsirləndirilən şəxslərin məhkəmədəki çıxışları

4.     Müdafiəçilərin məhkəmədəki çıxışları və vəsatətləri

5.     Məhkəmə sənədləri

6.     Mətbuatın xülasəsi

7.     Amnesty İnternational Təşkilatının 06 fevral 2017- ci il tarixli sənədi

8.     Müsəlman Birliyi Hərəkatının nizamnaməsi

 

 

Bakı şəhəri, 21 fevral 2017- ci il.